EMS göndərişi nədir?

EMS göndərişləri qeydiyyatlı poçt göndərişləri olub, digər poçt göndərişi növləri ilə müqayisədə prioritet qaydada emal olunur, daşınır, çatdırılır və ünvançıya imzası alınmaqla təhvil verilir.

«Qapıdan qəbul» xidmətinin qiyməti neçəyədir?

Beynəlxalq EMS göndərişinin qapıdan qəbulu 3, ölkədaxili EMS göndərişinin qapıdan qəbulu 1,20 manatdır. Kuryer göndərişlərinin qapıdan qəbulu pulsuzdur.

Fiziki şəxs EMS xidmətlərindən istifadə edə bilərmi?

EMS xidmətlərindən həm hüquqi, həm də fiziki şəxslər istifadə edə bilər.

EMS göndərişlərinin maksimum olçü və çəkiləri necə olmalıdır?

Qablaşdırılmış EMS göndərişinin istənilən tərəfi – uzunluğu, eni və hündürlüyü 1,5 m-dən və ya ən uzun tərəfi ilə bu tərəfinə perpendikulyar istiqamətdə götürülmüş ən böyük çevrəsinin uzunluğu cəmi 3 m-dən çox olmamalıdır. EMS göndərişinin maksimum çəkisi 30 kq-dir.

Ünvan rekvizitləri düzgün necə yazılmalıdır?

Ünvan rekvizitlərinin düzgün yazılması qaydası ilə saytımızın Göndərişlərin qəbul qaydaları – Daxili EMS göndərişləri – Ünvanların yazılması qaydası və Göndərişlərin qəbul qaydaları – Beynəlxalq EMS göndərişləri – Ünvan yarlığının doldurulması qaydası bölmələrində tanış ola bilərsiniz.

Göndərişi kim qablaşdırmalıdır?

EMS göndərişinin qablaşdırılmasına görə məsuliyyəti göndərici daşıyır. Hər bir göndəriş tərkibinin xarakterinə, həmçinin nəqletmənin növünə və müddətinə uyğun qablaşdırılmalıdır. Göndəriş elə qablaşdırılmalıdır ki, onu emal edən işçilər üçün təhlükə törətməsin, həmçinin digər poçt göndərişlərini və poçt avadanlıqlarını çirkləndirməsin və zədələməsin.

 

Daxili və beynəlxalq EMS göndərişlərinin tariflərini haradan öyrənmək olar?

Daxili EMS göndərişlərinin tariflərini saytımızın Çatdırma müddətləri və qiymətlər – Daxili EMS göndərişləri – Qiymətlər, beynəlxalq EMS göndərişlərinin tariflərini isə Çatdırma müddətləri və qiymətlər – Beynəlxalq EMS göndərişləri – Qiymətlər bölmələrindən öyrənə bilərsiniz.

Göndərişin qiymətini necə hesablamaq olar?

Daxili EMS göndərişinin çatdırılma qiymətini hesablamaq üçün bu kalkulyatordan, beynəlxalq EMS göndərişinin çatdırılma qiymətini hesablamaq üçün isə digər kalkulyatordan istifadə edə bilərsiniz. Daxili EMS göndərişinin çatdırılma qiymətini hesablayarkən göndərişin çəkisini, beynəlxalq EMS göndərişinin çatdırılma qiymətini hesablayarkən isə göndərişin təyinat ölkəsini və çəkisini müvafiq siyahılardan seçib «Hesabla» düyməsinə basmaq lazımdır.

Alıcı tərəfindən ödəniş olunması şərtilə EMS göndərişini göndərmək mümkündürmü?

Göndərilməyə görə tarif həmişə göndəricidən tutulur. Ödəmə şərtli daxili EMS göndərişləri çatdırılarkən alıcı yalnız göndərişin içərisindəki malın dəyərini ödəyə bilər.

Xəbərnaməli EMS göndərişi göndərmək mümkündürmü?

Xəbərnaməli beynəlxalq EMS göndərişi qəbul olunmur. Daxili EMS göndərişini isə həm xəbərnaməli, həm də xəbərnaməsiz göndərmək olar.

«Tələb olunanadək» kateqoriyalı EMS göndərişi göndərmək olarmı, göndəriş hara daxil olacaq və onu necə almaq olar?

«Tələb olunanadək» kateqoriyalı EMS göndərişi göndərmək olar. Alıcının ünvanında ünvançının poçt indeksini, adını, soyadını, atasının adını və əlaqə telefon nömrəsini göstərmək lazımdır. «Tələb olunanadək» kateqoriyalı EMS göndərişləri ünvan yarlığında göstərilən indeksli poçt rabitəsi obyektində saxlanılır və verilir.

EMS göndərişini abunə qutusuna ünvanlamaq olarmı və belə göndərişin çatdırılması necə həyata keçirilir?

EMS göndərişini abunə qutusuna ünvanlamaq olar. Alıcının ünvanında ünvançının poçt indeksini, abunə qutusunun nömrəsini, adını, soyadını, atasının adını və ya hüquqi şəxsin tam adını, əlaqə telefon nömrəsini göstərmək lazımdır. Abunə qutusuna ünvanlanan EMS göndərişləri ünvan yarlığında göstərilən indeksli poçt rabitəsi obyektində saxlanılır və verilir.

Hərbi hissənin ünvanına EMS göndərişi göndərmək olarmı və belə göndərişin çatdırılması necə baş verir?

Hərbi hissələrə ünvanlanan EMS göndərişləri ünvançıya ən yaxın poçt rabitəsi öbyektinə daşınılır. Göndəriş poçt rabitəsi obyektində şəxsən ünvançıya və ya hərbi hissənin poçtalyonuna verilir.

İslah-əmək düşərgəsinin ünvanına EMS göndərişi göndərmək olarmı?

İslah-əmək düşərgəsinə ünvanlanan EMS göndərişləri ünvançıya ən yaxın poçt rabitəsi öbyektinə daşınılır. Göndəriş poçt rabitəsi obyektində islah-əmək düşərgəsinin səlahiyyətli şəxsinə verilir.

EMS göndərişlərinin çatdırma müddətləri necədir?

Daxili EMS göndərişlərinin çatdırma müddətlərini saytımızın Çatdırma müddətləri və qiymətlər – Daxili EMS göndərişləri – Çatdırma müddətləri, beynəlxalq EMS göndərişlərinin çatdırma müddətlərini isə Çatdırma müddətləri və qiymətlər – Beynəlxalq EMS göndərişləri – Qiymət zonaları və çatdırma müddətləri bölmələrindən öyrənə bilərsiniz.